Azərbaycanlılar ciddi təhlükə ilə üzləşsə... - Deputat

13:21 16.01.2026
Yazını böyüt
Yazını kiçilt

“Görünür Tramp camaatı küçələrə çağırıb, “yoldayıq, dövlət binalarını tutun”- deyən zaman ABŞ-ın imkanlarını düzgün hesablamayıb, yaxın ətrafı və hərbçilərlə ciddi məsləhətləşmələr aparmadan belə bir vəd verib. Onun hərbi əməliyyatdan ərəb ölkələrinin xahişi ilə geri çəkilməsi barədə deyilənləri də ciddi qəbul etmək lazım deyil”.

Bunu Hafta.az-a Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ABŞ prezidenti Donald Trampın İrandakı etirazçılara xitabən “dövlət orqanlarını tutun, yoldayıq, köməyə gəlirik” vədinin özünü doğrultmaması ilə bağlı açıqlamasında deyib.

Deputat vurğulayıb ki, Tramp xarakterli adamları ya onların tələblərini yerinə yetirməklə, ya da güclə dayandırmaq olar:

“Rusiya və Çinin kəskin etirazı və İrana kömək vədi məncə onu dayandıran həlledici faktor oldu. Onu başa saldılar ki, Venesuelada əldə olunan asan uğuru burada qazanmaq mümkün olmayacaq. Yəqin ki, ikinci mühüm faktor İranın əks zərbələrinin ağır nəticələr doğura biləcəyi barədə Trampa təqdim olunan hesabat olub. ABŞ-a güvənib hərəkət etməyin nə qədər səhv və təhlükəli olması növbəti dəfə özünü göstərdi. Amma ABŞ-ın daha böyük qüvvə səfərbər edib İrandakı rejimi dəyişməyə cəhd edəcəyi ehtimalı çox yüksəkdir”-deputat əlavə edib".

Q.Həsənquliyev Tehranın bu mərhələdə qarşıdurmadan hansı baqajla çıxmasına diqqət çəkib. O, qeyd edib ki, kütləvi repressiyalar və qətliamlar hesabına sabitlik müvəqqəti bərpa oluna bilər, amma o qırğınlardan sonra hakimiyyətə qarşı qəzəb və nifrət bir az da artdı:

“İran bizim qonşumuzdur, orada soydaşlarımız yaşayır. Biz İranın dinc, təkamül yolu ilə inkişafını istəyirik, həm ikitərəfli, həm 3+3 formatında daha sıx əməkdaşlığın tərəfdarıyıq. Öz ölkəmizə yaxşı nə arzu ediriksə, onlara da onu istəyirik. Öz ölkəmizdə də islahatların keçirilməsini istəyirik. İranda digər xalqların milli haqları tanınmalıdır. Pezeşkianın son müraciətində xalqa verdiyi vədlər yerinə yetirilməlidir. Xalq dəyişiklik istəyir, əvvəlki şərtlər altında yaşamaq istəmir. Ölkədə ciddi islahatlar həyata keçirilməsə etirazlar yenidən başlayacaq. Hakim elitanın imtiyazlardan imtina edəcəyi isə az ehtimal olunur. O zaman, bu gün imicinə ciddi zərbə vurulmuş Tramp İsarillə birlikdə hərəkətə keçəcək”.

Deputat rəsmi Bakının İranda baş verən hadisələrə reaksiyasız qalması ilə bağlı yayılan fikirlərə də birmənalı yanaşmayıb:

"Hesab edirəm ki, rəsmi Bakının iranla bağlı hazırki yanaşması doğrudur. Azərbycan İranla əlaqələrə həmişə diqqət yetirib və münasibətlərdə əlavə gərginlik yaranmasını istəmir. Amma azərbaycanlılar ciddi təhlükə ilə üzləşsə, rəsmi Bakı ciddi mövqe ortaya qoyacaq.

Tahirə Qafarlı